Analitika

Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz işğalçı Ermənistanın ordusunu diz çökdürdü. Füzilinin azad olunması əməliyyatı Vətən Müharibəsində strateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biri olmuşdur və müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci il oktyabr ayının 17-də Füzuli şəhərini işğaldan azad etmişdir. Bununla da Qarabağımızın strateji əhəmiyyət daşıyan rayonlarından olan və qədim yaşayış məskəni kimi özünəməxsus xüsusiyyətləri ilə fəqlənən Füzuli rayonununda böyük quruculuk və dirçəliş işlərinə əsaslı zəmin yaradılmışdır.

Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən yaşayış məntəqələrimizi yenidən dirçəldəcək. Azad olunmuş ərazilərə həyat qaytarılacaq, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və sair obyektlər tikiləcək, bütün lazımi infrastruktur yaradılacaq. Şuşa şəhərinə Füzuli istiqamətindən yeni yolun təməlinin qoyulması buna əyani misaldır. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Əminik ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button