Xankəndidə Dövlət Bayrağımızın dalğalanması isə artıq proseslərin məntiqi sonu oldu
Oktyabrın 15-i Azərbaycan tarixinə iki əlamətdar hadisə ilə həkk olunub. Birincisi, 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. İkincisi, ölkə Prezidenti Xocalı və Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaldıb. Göründüyü kimi, bu iki əlamətdar hadisənin hər biri məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əslində ikinci tarixi hadisə birincinin məntiqi nəticəsidir.
İyirmi il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi, müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlətimizin başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
Tarixdə iz qoymuş böyük şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları nəzərə alaraq təşkil edir, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışırlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.
Xankəndi Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Bu gün isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. İşğal dövründə normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına başlayan və öz əzəli sakinlərinə qovuşması üçün dövlətimiz böyük səylər göstərməkdədir.
Sübhan Ərəbi,
YAP-ın fəalı