Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir.
Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır. 14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi