Analitika

Bu gün iki dövlət arasında əməkdaşlıq əlaqələri davamlı şəkildə inkişaf edir

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.  Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Bu gün iki dövlət arasında əməkdaşlıq əlaqələri davamlı şəkildə inkişaf edir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ölkə başçıları arasındakı ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar, bu gün də bu davam edir. Bu da, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacib şərtlərdəndir. 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanda, bu ölkədə tarixən yığcam halda yaşayan Azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, rayonlarında, Rustavi şəhərində, Kaxeti, bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Qeyd edilməlidir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu, sıradan bir səfər deyil, hazırki həssas məqamda regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən taleyüklü qərarların qəbul ediləcəyi bir tarixi görüş idi. Keçirilən görüşlər, verilən bəyanatlar bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilir. Bu prosesdə Gürcüstanın Azərbaycanla birlikdə olması hər iki xalqa yüksək inkişaf və rifah vəd edir. Ölkəmizin başçısı öz bəyanatında regionun iqtisadi durumunu dəyərləndirərək qeyd etdi ki, Azərbaycanla dost Gürcüstanın birgə həyata keçirdiyi layihələr bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyində mühüm xidmətlər göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsinə toxunaraq bunun əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini əminliklə qeyd etdi. Bundan başqa, dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırıldığını bildirərək, bunun yaxın gələcəkdə Orta Dəhlizin güclənməsinə xidmət göstərəcəyini qeyd etdi. “Bir kəmər, bir yol” layihəsinin əsas seqmenti olan Orta Dəhlizin fəaliyyətə başlaması Azərbaycan və Gürcüstan dövlətlərinin və xalqlarının maraqlarına tamamilə uyğundur. Həmçinin, qeyd edilib ki, energetika sahəsində ənənəvi sahələrdən başqa iki ölkəni birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaqdır. Ölkələrimiz arasında iqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Prezident İlham Əliyev regionun təhlükəsizliyindən danışaraq, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırdı, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmağın vacibliyinə toxunub. Azərbaycan Prezidenti əminliklə qeyd etdi ki, sülhə nail olduğumuz təqdirdə, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Şübhəsiz ki, sülh sazişinin imzalanması regionun daha güclü inkişafına nəfəs verəcək. Bu gün Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button