AnalitikaGündəmSosial

Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat məktəbidir

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli xadim Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Ziyalı bir ailədə dünyaya gələn, nəcib xüsusiyyətləri ilə seçilən, xalqına, vətəninə bağlı olan Zərifə xanım başqalarından seçilirdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi. 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək üçün bir çox tədqiqatlar aparılırdı. Məhz belə çətin bir dönəmdə Zərifə Əliyeva Vətəninə qayıdır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Tez-tez xalqının yanında olur, onlar arasında maarifləndirici söhbətlər aparır.Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.

Zərifə xanım həm də oftalmologiyanın  elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası ilə də bağlı bir sıra tədqiqatlar aparmışdır. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.

Zərifə xanım eyni zamanda oftalmologiya sahəsinə həsr olunmuş bir çox monoqrafiyaların müəllifidir. Onun elmi tədqiqatları  “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında,1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akedemiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir. Zərifə xanım, görkəmli elm xadimi olmaqla yanaşı həm də gözəl ana, qayğıkeş həyat yoldaşı, əsl Azərbaycan qadını olmuşdur. O, xalqın çətin günlərində ömrünü fəda edən Ulu Öndər Heydər Əliyelə həmişə çiyin-çiyinə olmuşdur. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi”.

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında deyib: “Mənim anam əsl alim idi. O tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə,Sevilə məşğul olmağı,bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə,böyütməyə vaxt tapırdı.O həmişə mənim qəlbimdədir”.

Zərifə xanım çox gözəl övladlar  yetişdirmişdir. Sadəliyi ilə seçilən sadə insanların əhatəsində olan bir xanım olmuşdur. Gözəl ana, ziyalı qadın, görkəmli alim, humanist insan,vətənpərvər bir qadın kimi Azərbaycan tarixində iz qoymuşdur. Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.

Kəmalə Surətova,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button