GündəmSiyasət

Zərifə xanım Əliyevanın insani keyfiyyətləri onun peşəkar fəaliyyətinə dərin iz buraxmışdır

15 aprel – Azərbaycan tibb elminin parlaq siması, oftalmologiya sahəsində misilsiz xidmətlər göstərmiş akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. O, yalnız görkəmli alim deyil, həm də nəcib insanlığı, yüksək mədəniyyəti və ziyalı mövqeyi ilə yaddaşlara həkk olunmuş bir şəxsiyyətdir. Onun mənalı ömür yolu, zəngin elmi irsi və cəmiyyətə verdiyi töhfələr bu gün də hörmətlə xatırlanır. Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası, Əziz Əliyev, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış görkəmli dövlət və elm xadimi idi. Ailəsindəki ziyalı mühiti Zərifə xanımın şəxsiyyətinin və gələcək fəaliyyətinin formalaşmasında mühüm rol oynamışdır. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Zərifə Əliyeva burada böyük həvəs və zəhmətlə təhsilini davam etdirmişdir. Onun elmə olan marağı və insanlara yardım etmə arzusu hələ tələbəlik illərindən hiss olunurdu. Zərifə Əliyeva oftalmologiya sahəsində elmi tədqiqatlarını davam etdirərək SSRİ məkanında bu sahədə ilk qadın tibb elmləri doktorlarından biri olmuşdur. O, xüsusilə sənaye sahələrində çalışan işçilərin peşə xəstəlikləri, göz orqanlarının qorunması və profilaktikası ilə bağlı mühüm tədqiqatlar aparmışdır.

Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olan akademik Zərifə Əziz qızı Əliyeva, öz həyatını insan sağlamlığına və elmi nailiyyətlərin tətbiqinə həsr etmiş görkəmli alim və nüfuzlu oftalmoloqdur. Onun zəngin elmi irsi və ictimai fəaliyyəti Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına güclü təkan vermişdir.

Hər il 15 aprel tarixində Zərifə xanımın vəfatı münasibətilə müxtəlif elmi tədbirlər, simpoziumlar və anma mərasimləri təşkil edilir. Bu gün onun xatirəsi və tibb sahəsindəki mirası Azərbaycanın tibb işçiləri və elm adamları tərəfindən yad edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Zərifə xanım Əliyeva haqqında çoxsaylı çıxışlarında onun elmi fəaliyyəti, fədakarlığı və Azərbaycan tibb elminə verdiyi töhfələri yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev Zərifə xanımın Azərbaycanın görkəmli oftalmoloqu olduğunu və onun göz xəstəliklərinin müalicəsi sahəsindəki dərin bilikləri ilə geniş tanındığını vurğulamışdır. Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, həkimlərə və tələbələrə verdiyi təlimi və Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələri Prezident İlham Əliyev bir neçə dəfə qeyd edərək onun Azərbaycanın qüruru olduğunu bildirmişdir. O, Zərifə xanımın çoxsaylı müalicə üsulları və innovativ yanaşmalar təqdim etdiyini, eyni zamanda tibb sahəsindəki elmi irsinin gələcək nəsillər üçün çox əhəmiyyətli olduğunu vurğulamışdır.

Əliyeva Vəfa,
Xəzər rayonu, F.Gözəlov adına 124 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button