AnalitikaGündəmSosial

Zərifə xanım Əliyeva özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini əks etdirirdi

Akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1950-ci ildən həkim oftamoloq fəaliyyətinə başlayan Zərifə Əliyeva, həm də elmi fəaliyyətini davam etdirmişdir. Həmin illərdə Azərbaycanda geniş yayılmış və hətta korluğa qədər səbəb olan traxoma xəstəliyi ilə mübarizə gedirdi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə və profilaktik tədbirlərdə fəal iştirak edir.

Zərifə Əliyevanın 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda müdafiə etdiyi namizədlik disertasiyası onun tədqiqatlarının əsasını təşkil etmişdir. Qısa zamanda Zərifə xanımın təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Oftalmologiya sahəsində apardığı tədqiqatlar, yazdığı əsərlər Zərifə xanımı alimlik zirvəsinə qədər qaldırmışdır. Onun əsas diqqət yetirdiyi məqamlar tibbdə az görülən, müalicəsi çətin olan xəstəliklər idi. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Zərifə Əliyeva 1 ixtira, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun müəllifi olduğu dərs vəsaitləri bu gün də hər bir oftalmoloqun müraciət etdiyi əsas kitablardandır.

Zərifə Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun “Yüksək etimad” adlı kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanımın boya-başa çatdığı mühit, aldığı təhsil, həkimlik fəaliyyəti özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Zərifə xanım 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında-“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” dəyərli fiklərini söyləmişdir.

Prezident İlham Əliyevi xatirələrindən Zərifə xanım haqqında söylədikləri  – “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətləri olmuş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü ildə dövlət səviyyəsində qeyd olunmuşdur.

Aytən Məmmədova,
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin Coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button