Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, hər cəhətdən örnək olan nəcib bir ailədə – Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Zərifə xanımın yaşın erkən çağlarından şəxsiyyət kimi formalaşmasında böyüdüyü ailənin də çox mühüm rolu vardı. Məktəbdəki yüksək təhsildən əlavə bu evdə mövcud olan sağlam düşüncə mühiti, aparılan söhbətlər Əziz Əliyevin övladları üçün böyük bir universitet təhsilinə bərabər idi. Bu mənada həkimlik sənəti erkən yaşlarından Zərifə xanım üçün tale seçiminə çevrilmişdi. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Namizədlik dissertasiyasının müdafiəsindən sonra o, 1960-cı ildən 1967-ci ilədək Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. Bu illərdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır, elmi tədqiqatları üzərində çalışırdı. Zərifə xanım xüsusilə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə etmişdi. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Həkimlik etikası Zərifə xanım Əliyevanı daim maraqlandıran əsas məsələlərdən idi. Çünki o, özü həkimklik sənətini bu peşənin yüksək etikası işığında sevmişdi. Onun üçün əsl həkimlik meyarı atası Əziz Əliyevin bütöv şəxsiyyəti idi. Uşaqkən gördüyü, insanların sağlamlığı, milli səhiyyəmizin inkişafı üçün hər cür fədakarlığa qatlaşan həkimlər idi. Zərifə xanım həkimliyi bu insanların nurlu simasında təsəvvür edirdi və özü də həkimlik etikasını uca tuturdu. İnsan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını bəşəri humanizm kimi səciyyələndirirdi. O, belə bir ali dəyəri gənc həkimlərə də ötürməyə çalışırdı. Onların mənəvi tərbiyəsi, həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli üçün əməyini əsirgəmirdi. Zərifə xanımın bir çox məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdu.
Səba Rzayeva,
YAP-ın gənc fəalı