AnalitikaGündəmSosial

Zərifə Əliyeva öz fəaliyyəti ilə qadınların elmdəki roluna dair yeni yanaşma formalaşdırmışdır

Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz  Əliyevin ailəsində dünyaya göz açmışdır. Atası Əziz Əliyev yüksək vəzifələrdə çalışmış, intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Belə bir ailədə böyüyən Zərifə xanım səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Zərifə xanımın ilk əmək fəaliyyətinə başladığı vaxtlar ölkənin ağır illəri idi. Böyük Vətən müharibəsi təzəcə qurtarmışdi, dağıntıları bərpa etmək lazım idi, işçi qüvvəsi , o cümlədən həkim çatışmırdı.

Məhz həmin dövrdə – XX əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları yox idi. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Zərifə xanım uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə,təbiətin füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.

Zərifə xanım 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Onun alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti zəngin və əhatəlidir. O, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır.

Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq Elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib. Fəxrlə demək lazımdır ki, iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır.

Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Traxoma ilə yanaşı Zərifə xanım qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin  genişlənməsinə kömək etdi. Öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanın iltihabının müalicəsi və s. Zərifə xanım “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərindən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Dissertasiyanı müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, həmin mükafata layiq görülən  ilk azərbaycanlı qadın alim  olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Zərifə xanımın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə məlumdur.

Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.  Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: ”Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü seven, laqeyd insan olmamalıdır”. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmə bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir. O, həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.

Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. O, tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanmışdır.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər  Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə xanım həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar Elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin-Ümummilli  lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi. O, Ulu Öndərimizə mənəvi dayaq idi. Zərifə xanım eyni zamanda qayğıkeş ana idi. Deyirlər, ana övladını özündən çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Ümummilli liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Zərifə xanım Əliyeva Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirmişdi. Bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş dövlət rəhbərimiz cənab İlham Əliyevdə bu torpağa, bu Vətənə tükənməz sevgi aşılamış anadır.  Ətrafındakılara daim nur, eləcə də, yaşamaq və həyat eşqi bəxş edən bu dahi Xanım bu işıqlı dünya ilə elə aprel ayında da vidalaşdı.  Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat  yoldaşını tək qoyub getdi.  1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə xanımı itirmək Heydər Əliyev üçün əsl sarsıntı idi. Lakin qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin uçuruma yuvarlanan Azərbaycanı o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü vətəninin və xalqının rifahı naminə fəda etdi. Lakin Ulu Öndər həmişə Zərifə xanımın ruhunu yanında hiss etdi, ondan qüvvə aldı. 2003-cü il dekabrın 12-də ömür-gün yoldaşına qovuşdu.

Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi. Böyük alimin bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zərifə xanımın zəngin irsi, pedaqoji fəaliyyəti bu gün də davamçılarının yolunu işıqlandırır.

Tağıyeva Aytən,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button