AnalitikaGündəm

Zəfər parkı – Zəfərimizin sarsılmaz simvolu

8 Noyabr 2024-cü il – Zəfər bayramının dördüncü ildönümündə Azərbaycan xalqı qürur və ehtiramla qələbələrimizin ən ümdəsini sevinc və fərəhlə qeyd etdi.

İkinci Qarabağ müharibəsində qazanılan parlaq zəfər yalnız bir hərbi uğur deyil, eyni zamanda Azərbaycan Ordusunun qüdrətinin, gücünün və humanistliyinin dünyaya açıq nümayişi idi. Bu qələbə bizim qürurumuzu özümüzə qaytardı, bizi qalib xalqa çevirdi və dünyaya göstərdi ki, biz haqqımızı alanda qarşımızda heç bir güc dayana bilməz.

Prezident İlham Əliyevin illərlə formalaşdırdığı çoxşaxəli siyasət, diplomatik arenada zərgər dəqiqliyi ilə atdığı addımlar nəticəsində Azərbaycanın haqq səsi dünyanın hər yerində eşidildi, dünya publisistikasında kök salmış erməni mifləri ifşa olundu.

Bu günlərdə isə qələbənin memorial simvolu sayılan Zəfər tağı və onun yerləşdiyi Zəfər parkının açılışı vətəndaşlarımızda bayram əhval-ruhiyyəsinə daha fərqli ab-hava qatıb. Prezident İlham Əliyev parkın açılış tədbirində 44 günlük Vətən müharibəsindən, Azərbaycan xalqı və ordusunun birliyindən, qələbə əzmindən, erməni hakimiyyəti və havadarlarının qeyri-səlis və ədalətsiz siyasətindən söz açaraq bildirdi ki, torpaqlarımız 30 il ərzində işğal altında qalsa da, xalqımız və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmadı. Baxmayaraq ki, Ermənistan dövlətinin arxasında duran “himayəçilər” – islamofoblar, azərbaycanofoblar hər fürsətdə bu münaqişənin hərbi həllinin olmadığını və beləliklə, torpaqlarımızı erməni işğalı altında saxlamaq niyyətini açıq bəyan edirdilər.

Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə cənab Prezident bəyan etmişdir ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.

Prezident Ermənistandan fərqli olaraq bizim heç bir kənar yerdən yardım almadan, ancaq öz gücümüzə güvənərək, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması kimi amillərin bizi qələbəyə doğru apardığını qətiyyətlə vurğuladı. Bu da danılmaz faktdır ki, cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdi. Hansı ki, həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi, ən nəhayətdə “Qarabağ Azərbaycandır!” nidası ilə boynunu bükmüş, kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu.

Müharibə dövründə Ermənistan hərbi cinayətlərindən də söz açan prezident İlham Əliyev düşmənin dinc şəhərlərimizi bombalaması, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimizi artilleriya atəşi altında saxlaması onların döyüş taktikasının nə dərəcədə bəsit və qeyri-peşəkarlığını göstərdiyini, lakin bu vasitələrin heç birinin Azərbaycan xalqının iradəsinə bir zərrə də təsir etmədiyini bir daha açılış iştirakçılarının nəzərinə çatdırdı:

– Heç kim bizi dayandıra bilməzdi, öldü var, döndü yoxdur. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Belə də oldu. Bəli, bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, Ali Baş Komandanın bu qərarları çevik, düşünülmüş və yeganə düzgün addım idi. Biz bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdik, azad olunan ərazilərimizdəki əhəmiyyətli yüksəkliklərdə mövqeyimizi gücləndirdik. Lakin hiyləgər olduğunu düşünən axmaq düşmən yenə məkrli addımlarından əl çəkmədi və 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs oldu və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında prezidentin təbirincə desək, separatçıların izi-tozu da qalmayıb.

Maks de Pre demişdir: Liderin 1-ci vəzifəsi şeylərə reallıqla baxmaq, sonuncu vəzifəsi “sağ ol” deməkdir. Arada olan vəzifəsi isə insanlara xidmət etməyidir. Bugünkü Ermənistan liderinin əgər öz dəst-xətti yoxdursa, əgər o bəzi Qərb dövlətlərinin himayəsi altında özünü güvəndə hiss edirsə və onların Azərbaycan barəsindəki planlarının əlaltısı olmaq xəyalındadırsa, real vəziyyəti düzgün dəyərləndirə bilmirsə, demək, o rəhbər sonuncu vəzifəsini yerinə yetirib o kütlə ilə sağollaşmalıdır. Prezident onu da vurğuladı ki, indi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər.

Amma Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, biz adekvat addım atmağa məcburuq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir.

Əlbəttə, bu gün biz qalib tərəfik, öz tarixi ərazi bütövlüyümüzü bərpa etmişik, keçmiş məcburi köçkünlərimizi, qaçqınlarımızı öz dədə-baba torpaqlarına qaytarmışıq, orada quruculuq, abadlıq işləri görürük. Və bu həqiqətdir ki, biz heç kimi öz yurd-yuvasından didərgin salmamışıq. Əksinə, XIX əsrdə bizim torpaqlarımıza köçürülən ermənilərə biz çörək vermişdik, onlara yeni həyat bəxş etmişdik. Onlar isə qarşılığını öz pis xislətləri ilə verdilər: Xocalı soyqırımı.. Tariximizə, mədəniyyətimizə qarşı törədilən 30 illik vandallıq… Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Heç bir təzyiq, heç bir hədə-qorxunun bizə bu günə qədər təsir etmədiyini vurğulayan prezident xalq-iqtidar birliyinin gücümüzün əsas mənbəyini təşkil etdiyini bildirərək qeyd etdi ki, inkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimiz, tarixi zəfərimizdir.

Bu qələbənin bizimlə əbədi olacağını söyləyən cənab Prezident Zəfər günündə şəhərimizin ən gözəl yerində açılışını etdiyimiz Zəfər parkından, Zədər tağı, Zəfər abidəsi və inşası planlaşdırılan Zəfər muzeyindən danışdı. Bildirdi ki, şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir.

Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Abidə Zəfər Gününü və sarsılmaz birliyimizi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.Bu rəmzlər bizimlə əbədi olacaq. Qələbəmiz kimi! Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır. Zəfər parkı xalqımızın ən sevimli ziyarətgahına çevriləcək və qəhrəmanlarımızı daim özündə yaşadacaqdır!

Gülnar Nüşrəvanova,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button