AnalitikaGündəmSiyasət

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülh siyasətinə beynəlxalq etimadın ifadəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin ardıcıl və prinsipial sülh siyasətinə beynəlxalq miqyasda verilən yüksək dəyərin parlaq göstəricisidir. Bu nüfuzlu mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi, onilliklər boyu Qafqaz regionunda davam edən münaqişəyə son qoyan və humanitar fəsadları aradan qaldıran “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ilə birbaşa bağlıdır. Bu fakt Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin artıq dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini və dəstəkləndiyini təsdiqləyir.

2026-cı ilin laureatları dialoq, tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqi sahəsində tanınmış beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən müəyyən edilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsinin bu il Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh razılaşmasını seçməsi həmin sənədin mükafatın əsas missiyasını – qarşılıqlı etimadın, dialoqun və sülh mədəniyyətinin təşviqini tam şəkildə əks etdirdiyini göstərir. Sözügedən razılaşma qlobal sülhün möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ və əhəmiyyətli diplomatik nailiyyət kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc birgəyaşayış prinsiplərinə töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunan ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata yalnız bəşəriyyət üçün müstəsna xidmətlər göstərmiş liderlər layiq görülür. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycanın qlobal sülh quruculuğunda artan rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində mükafatın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə çıxış edərək, BƏƏ-nin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Şeyx Zayedin uzaqgörən siyasəti və strateji baxışı BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan ölkələrindən birinə çevirib. Prezident İlham Əliyev həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının əsasını qoyduğu inkişaf, tərəqqi və müasirlik xəttini uğurla davam etdirdiyini xüsusi vurğulayıb.

Bu gün Birləşmiş Ərəb Əmirlikləri öz tarixi köklərinə sadiq qalmaqla yanaşı, gələcəyə inamla irəliləyən, sülh və harmoniya şəraitində yaşayan cəmiyyət modeli baxımından bir çox dövlətlər üçün nümunə hesab olunur. Prezident İlham Əliyev mərasimdə etdiyi çıxışda sülh sazişinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, ölkəmiz 30 ildən artıq müddətdə müharibə şəraitində yaşasa da, artıq altı aydır ki, sülh dövrünə qədəm qoyub.

Dövlət başçısı dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, uzun illər davam edən münaqişələrə, dərin etimadsızlığa və ağır humanitar itkilərə baxmayaraq, siyasi iradə və beynəlxalq dəstək olduğu halda sülh mümkündür. Azərbaycanın əldə etdiyi nəticə bunu əyani şəkildə sübut edir.

Mərasimin keçirildiyi məkanın da rəmzi məna daşıdığı bildirilib. Çünki Ermənistan ilə Azərbaycan arasında son danışıqlar mərhələsi məhz ötən ilin iyul ayında, Vaşinqton Sammitindən bir ay əvvəl burada baş tutub. Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşma daha sonra Vaşinqtonda rəsmi şəkildə təsdiqlənib.

Prezident İlham Əliyevə göstərilən beynəlxalq etimad Azərbaycanın son illərdə qazandığı tarixi uğurların məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, suverenliyin tam bərpası və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təkbaşına icra edilməsi ölkəmizin gücünü və beynəlxalq hüquqa əsaslanan prinsipial siyasətini nümayiş etdirir. Azərbaycan hər zaman sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarını yalnız bəyan etməklə kifayətlənməyib, bunu real addımlarla təsdiqləyib.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu bərpa olundu, suverenlik tam təmin edildi. Bu tarixi mərhələdən sonra Ermənistanla sülh təklifinin irəli sürülməsi Azərbaycanın humanist və məsuliyyətli siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət döyüş meydanında qazanılan qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha sübut etdi.

Son illərdə Azərbaycan tarixi Zəfərin yaratdığı reallıqların beynəlxalq aləmdə qəbul etdirilməsi istiqamətində ardıcıl səylər göstərib və bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Dövlət başçısının ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. Həmin səfər Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin güclənməsi və diplomatik uğurlarının növbəti təzahürü kimi dəyərləndirilib.

Bu gün regionda dayanıqlı sülhün təmin olunması yeni iqtisadi əlaqələrin qurulmasına, əməkdaşlıq imkanlarının genişlənməsinə və kommunikasiya xətlərinin açılmasına şərait yaradır. Prezident İlham Əliyevin müəllifi olduğu sülh gündəliyi artıq geri dönməz xarakter alıb. Azərbaycanın coğrafi mövqeyi, tranzit potensialı və enerji resursları regionu qlobal əməkdaşlıq mərkəzinə çevirir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizə həm iqtisadi, həm də siyasi baxımdan mühüm dividendlər vəd edir.

Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh quruculuğu modelinin dünya üçün nümunə olduğunu bir daha təsdiqləyir. Bu mükafat ölkəmizin beynəlxalq nüfuzunun, prinsipial xarici siyasətinin və davamlı sülhə verdiyi töhfənin rəsmi tanınmasıdır.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button