
Bəzən bir sənəd iki dövlət arasındakı münasibətləri tənzimləyir, bəzən isə bütöv bir regionun gələcəyinə təsir göstərir. Şuşa Bəyannaməsi məhz belə sənədlərdəndir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan bu sənəd yalnız Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın siyasi ifadəsi kimi tarixə düşüb. Təsadüfi deyil ki, Bəyannamə məhz Şuşada – Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin rəmzinə çevrilmiş şəhərdə imzalanıb. Bu seçim sənədin məzmunu qədər onun daşıdığı siyasi mesajı da ön plana çıxarır.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldərək müttəfiqlik çərçivəsində rəsmiləşdirdi. Sənəd iki ölkənin yalnız bu gününü deyil, gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirən strateji yol xəritəsi kimi çıxış edir. Məhz buna görə də ötən illər ərzində Bəyannamənin əhəmiyyəti daha aydın şəkildə özünü göstərməkdədir.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər uzun illər ərzində qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin əsas ideoloji dayağına çevrilib. Şuşa Bəyannaməsi isə həmin fəlsəfənin müasir dövrün çağırışlarına uyğun şəkildə siyasi və hüquqi müstəvidə təsbit olunması kimi qiymətləndirilə bilər.
Bəyannamə siyasi dialoq, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar sahə və digər istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə əksini tapan müddəalar göstərir ki, Azərbaycan və Türkiyə yalnız ortaq tarix və mədəniyyətə malik ölkələr deyil, həm də regional və beynəlxalq məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən strateji müttəfiqlərdir.
Şuşa Bəyannaməsinin ən mühüm cəhətlərindən biri onun regional sabitliyə və təhlükəsizliyə verdiyi töhfədir. Müasir dövrdə qlobal və regional çağırışların artdığı bir şəraitdə Azərbaycan və Türkiyənin koordinasiyalı fəaliyyəti Cənubi Qafqazda sülhün, əməkdaşlığın və inkişafın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Bəyannamə yalnız ikitərəfli münasibətləri əhatə edən sənəd deyil, həm də regionun gələcəyi üçün mühüm strateji əhəmiyyətə malik siyasi platformadır.
Eyni zamanda, Şuşa Bəyannaməsi Türk dünyasında inteqrasiya proseslərinin güclənməsinə də mühüm töhfə verir. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi fonunda Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi birlik və həmrəylik digər ölkələr üçün də uğurlu əməkdaşlıq modeli kimi çıxış edir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri kimi öz əhəmiyyətini qoruyur. Ötən müddət ərzində həyata keçirilən birgə layihələr, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əldə olunan nəticələr sənədin praktik əhəmiyyətini bir daha təsdiqləyir. Şuşada imzalanan bu tarixi sənəd Azərbaycan və Türkiyənin ortaq maraqlara, qarşılıqlı etimada və strateji baxışa əsaslanan müttəfiqliyinin gələcək illərdə də uğurla inkişaf edəcəyinin ən mühüm təminatlarından biridir.
Sərtac Atlas,
YAP Nərimanov Rayon Təşkilatının məsləhətçisi



