
Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi. Azərbaycan özünü beynəlxalq gərginlik və yüksək eskalasiya risklərindən kənarda tutmaq üçün davamlı strateji inkişafa yönəlir və aparıcı geoiqtisadi mərkəz kimi cəlbedicilik xüsusiyyətləri qazanır. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həmin istiqamətlərə əlavə dəyər qata biləcək gücdədir. Azərbaycan maksimum şəkildə Ermənistanla münasibətlərdə müharibənin geri qayıtmamasını təmin etmək üçün genişmiqyaslı sülh və diplomatik fəallıq nümayiş etdirir. Ermənistanın konstitusiyasını dəyişdirməsi Prezident İlham Əliyevin gündəmində sülh gündəliyinin uğurlu inkişafı üçün prioritet təşkil edir. Əgər Ermənistan konstitusiyasını Azərbaycanın tələb və şərtləri əsasında dəyişsə, bu, Bakının İrəvan üzərində yüksək səviyyəli institusional təsirini yaradacaq. Bu, dayanıqlı sülh və təhlükəsizlik üçün vacib elementdir, hərçənd ki, Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaratmağı hədəfləyən qüvvələrin poliqonuna çevrilib. Yüksək, intensiv diplomatik-siyasi səyləri, həmçinin Ermənistan və onun havadarlarının buna maneələr yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi Azərbaycanlıların geri dönüşünə qədər geniş paketi icra edəcək gücü və potensialı toplayıb. Beləliklə, zaman Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir. Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət – xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Prezident cənab İlham Əliyevin uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır. Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi