Azərbaycanın siyasi tarixində Yeni Azərbaycan Partiyası müstəsna rola malikdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qurulan bu partiya təkcə siyasi təşkilat deyil, həm də müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün strateji bir platformadır. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı siyasi və sosial böhranlar ölkəni yeni bir siyasi gücün yaranmasına sövq etdi. Xalqın arzu və tələblərini ifadə edən “91-lər”in müraciəti, əslində milli qurtuluşun ilk addımı idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan YAP xalqın inamını doğrultmaq və Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək məqsədilə təsis edildi.
1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilən təsis konfransı, Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. 550 nəfərlik təşəbbüs qrupu tərəfindən YAP-ın yaradılması qərara alındı və partiyanın lideri kimi Ulu Öndər Heydər Əliyev yekdilliklə seçildi. Bu qərar Azərbaycan cəmiyyətində siyasi sabitlik və inkişaf üçün möhkəm təməl yaratdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və liderlik keyfiyyətləri sayəsində YAP qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Onun “dünənin, bu günün və sabahın partiyası” kimi xarakterizə etdiyi YAP həm siyasi plüralizmin inkişafına, həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə şərait yaratdı.
Prezident Cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli nümayəndələrini, övladlarını, gənclərini, öz ətrafında sıx birləşdirərək ölkəmiz və partiyamız adından yeni tarixi nailiyyətlərə imza ataraq, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi