
3 mart 2026-cı il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilmişdi. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışında bildirib ki, birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Hər zaman olduğu kimi Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işlər nəzərdən keçirildi, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlar planlaşdırıldı. Bu təşəbbüsün davamlılığının nümayiş etdirilməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başlanılan dövrə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi olmaq mümkündür. Lakin bütün bu çətinliklərə və regionda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması, həqiqətən də, gündəlik həyatda hiss edilən reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyiş müşahidə olunur. Azərbaycan Respublikası 12 ölkəyə qaz tədarük edir. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Digər mühüm hadisə Azərbaycanın qaz təchizatının artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. Azərbaycan Respublikası ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışdır ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verilir. Çünki məlum olduğu kimi elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, Azərbaycan Respublikası üçün də xüsusi əhəmiyyət daşıyır. Yenə də görünən odur ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Azərbaycan Respublikası artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışdır. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanı mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünmək vacib məsələdir. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Tədbirdə çıxış edən İlham Əliyev vurğuladı ki, biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Azərbaycan hökumətinin məqsədi ixracı maksimum səviyyəyə çatdırmaqdır. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözlənilir ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağı ilə bağlı demək mümkündür ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması gözlənilir. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, Azərbaycanın qazpaylama şəbəkəsinin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir.
Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Bu istiqamətdə də müsbət nəticələr əldə edilib. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, artıq dövlətimizin malik olduğu potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözlənilir. Burada xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR nəzərdə tutulur. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var. Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işlənilməlidir. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Azərbaycan Respublikasının alternativ enerji ilə bağlı planları artıq imzalanmış müqavilələrə əsaslanır. Bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməK gözlənilir. Əlbəttə ki, bu, böyük aktivdir. Hazırda elektrik enerjisi istehsalı üçün dövlətin istifadə etdiyi təbii qazı əvəzləmək məqsədilə yaşıl enerji daxili tələbat üçün istifadə edilməlidir. Dövlətin kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planları da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şərait təmin edilməlidir. Bütün bunlar Prezident İlham Əliyevlə ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir. Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq hökumətin planlarının gerçəkləşməsi tamamilə real görünür.
Hidroelektrik stansiyalarına da sərmayə yatırılır. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlar ondan ibarətdir ki, bu, 2-3 ilə təqribən ikiqat artırılsın. Bu, dövlətə əlavə potensial və ucuz enerji verəcək. Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilməsi və işin məhz belə aparılması zəruridir. Azərbaycan Respublikası Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və dövlətimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Respublikası Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün infrastruktura malikdir.
Dövlətimizin Avropa enerji bazarındakı səylərilə bağlı məsələlərə gəlincə bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri ilə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin dövlətimiz üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması da var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.
Dadaş-zadə Emilya,
Xəzər rayonu, Z.Ağayev adına
241 saylı tam orta məktəbin müəllimi



