
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2B” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. O, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrasında insan kapitalının inkişafının və keyfiyyətli təhsilin əhəmiyyətini qeyd edib.
YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətindən, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin ardıcıl icrasının vacibliyindən danışıb. O, təhsilin inkişafının, təhsilalanların bilik və bacarıqlarının artırılmasının, təhsil sistemində keyfiyyətin yüksəldilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Kamran Rəsulov, Keyfiyyət təminatı departamentinin müdiri Samir Quliyev və Analitik təhlil şöbəsinin müdiri Elçin Cəfərov da çıxışlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin prioritet istiqamətlərindən danışıblar. Onlar təhsil sahəsində keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, müasir təhsil standartlarının tətbiqi və insan kapitalının inkişafının vacibliyini vurğulayaraq, qarşıya qoyulan hədəflərin reallaşdırılmasında dövlət siyasətinin və Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi strateji istiqamətlərin əhəmiyyətini qeyd ediblər.




