
Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizmdir. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımına ilk dəfə Ümummilli lider Heydər Əliyev qəti və dəqiq siyasi qiymət verdi, soyqırım qurbanlarının daima anılması haqqında fərman imzaladı. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Bu gün qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb. 44 günlük II Qarabağ müharibəsində müzəffər sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi ustalığı və qətiyyəti, müharibədə canlarını fəda edib, sona qədər mübarizə apararaq qələbə qazanan, azad etdikləri torpaqlarımıza üçrəngli bayrağımızı sancaraq dalğalandıran Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan igid oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımızı yenidən birləşdirdik.
1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi soyqırımından 33 il keçir. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu soyqırımı aktı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Əslimizə, soykökümüzə qayıtdığımız və milli bəşəri dəyərlərdən bəhrələndiyimiz indiki dövrdə böyüməkdə olan nəslin vətənpərvərlik, qəhrəmanlıq, məğlubedilməzlik ruhunda tərbiyə olunması bizim qarşısında duran ümdə vəifələrdən biridir. Xəzər rayonunda tez tez keçirilən silsilə tədbirlər, açıq dərslər ,təlimlər, soyqırım və vətənpərvərlik mövzusuna daha artıq diqqət yetirilir. Gənc nəslin mənəvi tərbiyəsində, onlarda vətənpərvərlik və tarixi keçmişimizə məhəbbət hissinin aşılanmasında bu işin özünəməxsus yeri vardır.
Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında şəhid olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi gənc nəsil üçün bir örnək və həyat dərsidir. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd edilir. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.Xalqımız bügunu hər il qeyd edir. Biz bügun fəxr edirik ki, Cənab Ali baş komandanımız İlham Əliyevin rəhbərlik etdiyi müzəffər şanlı ordumuz Xocalı Soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Düşmənə layiqi cavabı verdi.
Aygün Manıyeva,
Xəzər rayonu 156 saylı tam orta məktəbin psixoloqu