AnalitikaGündəmSiyasət

Xocalı şəhidləri bizim qürur yerimizdir

26 Fevral – Xocalı soyqırımı günü hər bir azərbaycanlının yaddaşında silinməz iz buraxmış, xalqımızın taleyində dərin və ağrılı bir səhifə kimi yaşayan tarixdir. 1992-ci ilin qarlı fevral gecəsində Xocalı şəhərində baş verənlər təkcə bir yaşayış məntəqəsinin işğalı deyildi; bu, mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş kütləvi qırğın, insanlığa sığmayan vəhşilik idi. Uşaqların, qadınların, qocaların amansızlıqla qətlə yetirilməsi, əsir götürülənlərin işgəncələrə məruz qalması XX əsrin sonlarında bəşəriyyətin gözləri qarşısında baş vermiş ən ağır cinayətlərdən biri kimi tarixə həkk olundu. Həmin gecə Xocalı tam mühasirəyə alınmışdı. Şəhərdən çıxmağa çalışan dinc sakinlər pusquya salındı, qarla örtülmüş düzənliklərdə gülləbaran edildi. Rəsmi məlumatlara görə yüzlərlə insan qətlə yetirildi, yüzlərlə ailə başçısını, övladını, valideynini itirdi. Bu faciə yalnız fiziki məhvetmə aktı deyildi; o, bütöv bir xalqın mənəviyyatına, tarixinə və gələcəyinə yönəlmiş ağır zərbə idi. Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırımı” adlandıraraq onun mahiyyətini dəqiq ifadə etmişdir. Həqiqətən də, Xocalıda törədilənlər təkcə bir şəhərin sakinlərinə qarşı deyil, Azərbaycan xalqının iradəsinə, varlığına və milli kimliyinə qarşı yönəlmiş cinayət idi. Bu faciə öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində xüsusi amansızlıq nümunəsi kimi seçilir.

Xocalı soyqırımı beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulması idi. Mülki əhaliyə qarşı zorakılıq, əsirlərlə qeyri-insani rəftar, meyitlərin təhqir olunması kimi faktlar insanlıq əleyhinə cinayətlərin bariz nümunəsidir. Bu vəhşilik aktı Ermənistan silahlı qüvvələri və millətçi dəstələri tərəfindən həyata keçirilmişdir. Məqsəd yalnız ərazini ələ keçirmək deyil, eyni zamanda, qorxu yaratmaq, azərbaycanlı əhalini doğma torpaqlarından didərgin salmaq idi. Faciənin ən ağrılı tərəfi isə odur ki, qətlə yetirilənlərin böyük bir hissəsi müdafiəsiz insanlar idi. Hələ həyatın nə olduğunu dərk etməyən körpələr, ağbirçək analar, yaşlı insanlar – onların hər biri bir ailənin, bir nəslin davamı idi. Xocalıda yarımçıq qalan arzular, susdurulan səslər, məhv edilən ailələr bu gün də xalqımızın yaddaşında yaşayır. Hər il 26 fevralda ölkənin hər yerində keçirilən anım mərasimləri, səssiz yürüşlər və xatirə tədbirləri göstərir ki, bu ağrı unudulmur və unudulmayacaq. Xocalı soyqırımı eyni zamanda beynəlxalq ictimaiyyət üçün də ciddi bir sınaq oldu. Uzun illər ərzində həqiqətlərin dünyaya çatdırılması, faciəyə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanımışdır. Bu, ədalətin gec də olsa öz yerini tapmasına doğru atılan addımlardır. Lakin tam ədalətin bərpası üçün günahkarların beynəlxalq hüquq qarşısında cavab verməsi əsas şərtdir. Xocalı faciəsi bizə həm də milli birliyimizin və həmrəyliyimizin əhəmiyyətini xatırladır.

Tarix göstərdi ki, xalqımız ən ağır sınaqlardan belə mətanətlə çıxmağı bacarır. Şəhidlərin qanı yerdə qalmadı; onların xatirəsi dövlətimizin güclənməsində, torpaqlarımızın azad olunmasında mənəvi dayaq oldu. Bu gün müstəqil və qüdrətli Azərbaycan onların ruhuna ehtiramın, əzmin və iradənin təcəssümüdür. 26 Fevral təkcə matəm günü deyil, həm də ədalətə çağırış günüdür. Bu tarix bizə xatırladır ki, sülh və insanlıq dəyərləri qorunmadıqda faciələr təkrarlana bilər. Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, həqiqətləri gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Çünki  unudulan faciə təkrar oluna bilər, yadda saxlanılan və dərs çıxarılan tarix isə xalqın gələcəyini daha möhkəm edir.Xocalı şəhidləri bizim qürur yerimizdir. Onların əziz xatirəsi qarşısında baş əyir, ruhlarının şad olmasını diləyirik. Tarix dəyişə bilər, illər ötə bilər, lakin 26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi
                         

Oxşar Xəbərlər

Back to top button