AnalitikaGündəmSiyasət

Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq və onların haqq səsi ədalət bərqərar olunana qədər susmayacaqdır

26 fevral tarixi Azərbaycan xalqının yaddaşına qanlı və faciəli bir gün kimi həkk olunmuşdur. Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır və dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində mühüm çağırışlar edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın nəticəsində yüzlərlə insan amansızcasına qətlə yetirilmiş, minlərlə sakin isə əsir və girov götürülmüşdür. Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir.

Faciənin miqyası və dəhşəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu bir daha sübut edir. Rəsmi məlumatlara görə, soyqırımı nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla öldürülmüşdür. Onlarla ailə tamamilə məhv edilmiş, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirmişdir. Bu faciə insanlıq əleyhinə cinayət kimi tarixdə qalmaqla yanaşı, ədalətin bərqərar olunmasının vacibliyini bir daha gündəmə gətirir.

Məhz bu məqsədlə 2008-ci ildə Leyla Əliyevanin təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası başladılmışdır. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, faciəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmaq və qurbanların xatirəsini əbədiləşdirməkdir. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, mitinqlər, informasiya aksiyaları və sosial media layihələri həyata keçirilir.

Kampaniya qısa müddətdə beynəlxalq miqyasda geniş rezonans doğurmuşdur. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın müxtəlif ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyan qətnamələr qəbul etmişlər. Bu isə həqiqətlərin dünya səviyyəsində tanınması istiqamətində mühüm addım hesab olunur. Kampaniya çərçivəsində aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində Xocalı faciəsi haqqında materiallar müxtəlif dillərə tərcümə edilərək yayılmış, sənədli filmlər hazırlanmış və beynəlxalq mediada geniş işıqlandırılmışdır.

“Xocalıya Ədalət” kampaniyası yalnız məlumatlandırma xarakteri daşımır, eyni zamanda humanitar və mənəvi missiya yerinə yetirir. Bu təşəbbüs gənc nəslin tarixi yaddaşının qorunmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə və ədalət prinsipinə sadiqliyinə xidmət edir. Xocalı qurbanlarının xatirəsinin anılması, onların adlarının yaşadılması və faciənin unudulmaması milli birliyin və həmrəyliyin göstəricisidir.

Bu gün Azərbaycan dövləti və diaspor təşkilatları Xocalı həqiqətlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. İnformasiya müharibəsinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə tarixi faktların düzgün və obyektiv şəkildə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. “Xocalıya Ədalət” kampaniyası bu baxımdan mühüm platformaya çevrilmişdir.

Nəticə etibarilə, 26 Fevral – Xocalı soyqırımı günü yalnız hüzn və kədər günü deyil, həm də ədalətə çağırış günüdür. “Xocalıya Ədalət” kampaniyası vasitəsilə Azərbaycan xalqı dünya ictimaiyyətinə səslənərək, insanlıq əleyhinə törədilmiş bu cinayətə hüquqi və mənəvi qiymət verilməsini tələb edir. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq və onların haqq səsi ədalət bərqərar olunana qədər susmayacaqdır.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button