
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumu qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən prosesləri və başqa məsələləri müzakirə etməklə onların həlli yollarını tapmaq məqsədilə yaradılmışdır. İlk dəfə 2013- cü ildə keçirilən bu forumun 2025- ci ilədək ümumilikdə cəmi 12 görüşü təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın açılışını etdiyi I Qlobal Bakı Forumununda dünyanın bir çox dövlət başçıları, İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri iştirak etmişlər. Forumların gündəliyində cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilmişdir. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılmışdır. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələr aparılmışdır.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunmuşdur. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil olmuşdur.
VI Forum çərçivəsində Beynəlxalq Kitab Sammiti təşkil olunmuşdur. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunmuşdur.
“Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunmuş XI Qlobal Bakı Forumununda dünyada baş verən siyasi münaqişər müzakirə olunmuşdur.
Bir neçə gün öncə baş tutan XII Qlobal Bakı Forumunda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” əsas şüar olmaqla, Azərbaycandan nəql olunan neft və qazın bir çox ölkələrin enerji təhlükəsizliyində dəyişiklik yaratması, yaşıl enerji mənbələrimiz barədə söhbət açılmışdır. Bundan başqa, Xocalı soyqırımı məsələsi bir daha xatırlanaraq, bildirilmişdir ki, ölkəmiz hər zaman sülh, təhlükəsizlik tərəfdarı olmuşdur.
Qlobal Bakı Forumu qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran bir təşkilat kimi mühüm rol oynamaqla, hər zaman yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal böhranları və onların həlli yollarını diqqət mərkəzində saxlayır.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi