
2025-ci ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışla bir daha Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində nə qədər vacib aktora çevrildiyini nümayiş etdirdi. Prezidentin çıxışı enerji diplomatiyasının, enerji keçidinin və strateji tərəfdaşlıqların möhkəmləndirilməsində Azərbaycanın yürütdüyü ardıcıl siyasətin bariz nümunəsi kimi qiymətləndirilir. İclasda çıxış edən Prezident İlham Əliyev öncə Cənub Qaz Dəhlizinin uğurla tamamlanan mərhələlərindən danışdı. O bildirdi ki, bu layihə artıq təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıyan bir infrastruktur sisteminə çevrilmişdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və bu baxımdan Azərbaycanın Avropaya təbii qaz tədarükündəki rolu hər il artmaqdadır. 2020-ci ildən etibarən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı İtaliya, Yunanıstan və Albaniyaya çatdırılır. Bu da Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın enerji strategiyası yalnız karbohidrogen ehtiyatlarına əsaslanmır. Ölkə eyni zamanda bərpa olunan enerji mənbələrinə keçid üçün ciddi addımlar atır. Məhz bu səbəbdən Yaşıl Enerji Məşvərət Şurasının yaradılması və 3-cü iclasının keçirilməsi olduqca əhəmiyyətlidir. Prezident çıxışında qeyd etdi ki, Azərbaycan yaşıl enerji sahəsində potensialını beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır və bu istiqamətdə artıq konkret layihələr icra olunmağa başlanıb. Bu kontekstdə Prezident İlham Əliyev “Yaşıl Enerji Kəməri” konsepsiyasına toxundu. Xüsusilə, Xəzər dənizindəki külək enerjisi layihələri və günəş enerjisi potensialı Azərbaycanın bu sahədə böyük oyunçuya çevriləcəyinin siqnalıdır. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” kimi nəhəng şirkətləri ilə əməkdaşlıq çərçivəsində on minlərlə meqavatlıq gücə malik layihələrin icrası planlaşdırılır. Prezident İlham Əliyevin çıxışı zamanı xüsusi vurğulanan məqamlardan biri də regional əməkdaşlıq və enerji diplomatiyası idi. Azərbaycanın Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə strateji tərəfdaşlığı, həmçinin Orta Dəhliz layihəsindəki rolu, ölkənin nəqliyyat və enerji qovşağı kimi rolunu daha da artırır. Cənub Qaz Dəhlizi kimi layihələr təkcə enerji resurslarının ötürülməsi deyil, eyni zamanda siyasi sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsinə xidmət edir. Nəticə olaraq, Prezident İlham Əliyevin sözügedən çıxışları Azərbaycanın enerji siyasətində gələcəyə yönəlmiş strateji baxışını bir daha nümayiş etdirdi. O, Azərbaycanın təkcə neft və qazla yox, eyni zamanda yaşıl enerji ilə də dünya enerji arenasında liderliyə iddialı olduğunu açıq şəkildə ortaya qoydu. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və enerji geosiyasətində mərkəzi aktora çevrilməsi deməkdir.
İsmayıl Nağızadə,
YAP-ın gənc fəalı