
31 mart Azərbaycan tarixində ən faciəvi günlərdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri Bakı Sovetinin silahlı dəstələrinin köməyi ilə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, on minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirmişlər. Uzun illər bu hadisələr qəsdən gizlədilmiş, lakin 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən tanınmış və hər il dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
Erməni millətçiləri tarix boyu “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün müxtəlif dövrlərdə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə və deportasiya həyata keçirmişlər. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilmişdir. Ermənilər məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında etnik təmizləmə apararaq öz dövlətlərini qurmaq niyyətində idilər.
1918-ci ilin mart ayının sonlarından başlayaraq Bakı şəhərində və ətraf ərazilərdə erməni daşnak-bolşevik silahlı birləşmələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, minlərlə insanı doğma yurdlarından didərgin salmışdır. Bu qətliamlar yalnız azərbaycanlılarla məhdudlaşmamış, ləzgi, talış, yəhudi, rus və digər millətlərin nümayəndələri də hədəfə alınmışdır. Şamaxıda 7 mindən çox insan, Qubada isə 4 mindən artıq dinc sakin xüsusi amansızlıqla öldürülmüşdür. 1918-1920-ci illərdə İrəvan quberniyasında 198 kənd tamamilə məhv edilmiş, minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Erməni silahlıları kəndləri yandıraraq dinc əhalini diri-diri yandırmış, işgəncələr vermiş və əraziləri viran qoymuşlar. Tarixi sənədlər və erməni mənbələri də bu cinayətləri təsdiqləyir.
Şamaxı soyqırımı ilə bağlı Sovet dövründə məqsədyönlü şəkildə məlumatlar məhv edilsə də, müstəqillik dövründə yerli və beynəlxalq tədqiqatlar nəticəsində yeni faktlar ortaya çıxarılmışdır. Şamaxıda 14-16 min, onun kəndlərində isə 6-8 min nəfərin qətlə yetirildiyi müəyyən olunmuşdur. Qubada isə 2007-ci ildə aparılan qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıq erməni vəhşiliyinin sübutu kimi dünya ictimaiyyətinə təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinə yeni nəfəs vermişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə Qubada “Soyqırımı memorial kompleksi” yaradılmış, 2018-ci ildə isə soyqırımın 100 illiyi ilə əlaqədar xüsusi Sərəncam imzalanmışdır. Bu addımlar beynəlxalq ictimaiyyətin diqqətini bu qanlı cinayətlərə yönəltmək üçün mühüm əhəmiyyət daşıyır.
31 mart Azərbaycan xalqının qan yaddaşıdır və bu faciənin unudulmaması üçün hər bir vətəndaş bu tarixi qorumağa və dünya ictimaiyyətinə çatdırmağa borcludur. 1918-ci il hadisələri təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bu soyqırımının dünya tərəfindən tanınması və ona siyasi-hüquqi qiymət verilməsi Azərbaycan xalqının haqq işidir və bu mübarizə davam etdirilməlidir.
Xəyalə Allahverdiyeva,
Xəzər rayonu, 185 nömrəli tam orta məktəbin müəllimi.