AnalitikaGündəmSiyasət

Vətənə Dönüşün Sevinci: Şuşa ilə Yenidən Qovuşduğumuz Gün

Uzun illər davam edən ayrılıqdan sonra Şuşaya qayıdış, hər bir azərbaycanlının qəlbində dərin bir duyğunun, bəzən sözlə ifadə edilməyən bir həsrətin sonu idi. Bu torpağa atılan hər addım, illərin nisgilini, itkilərin ağrısını və yenidən doğulan sevincin parıltısını daşıyırdı. Şuşa ilə qovuşmaq — yalnız bir şəhərə deyil, tarixə, ruhumuza və kimliyimizə dönüş idi.
Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olub. Ondan ayrı düşmək bir xalqın yaddaşının bir parçasını itirməsi demək idi. Amma bu ayrılıq heç vaxt unudulmadı, hər nəsil bu arzunu yaşatdı, hər ürək Şuşanın azad olacağına inandı. Nəhayət, 2020-ci ilin noyabrında bu inam gerçəyə çevrildi.
Doğma şəhərə qayıdan hər bir insan üçün Şuşa artıq təkcə coğrafi bir məkan deyil, bir simvol, müqəddəs xatirədir. Küçələrində səslənən azan, dağlarında dalğalanan bayraq, qalalarında yenidən çalınan muğam — bütün bunlar millətin yenidən doğuluşunun nişanəsidir.
Bu gün Şuşa dirçəlir, inkişaf edir və gələcəyə ümidlə baxır. Biz yalnız torpağımıza deyil, öz köklərimizə də qayıtmışıq. Şuşaya dönüş, millətin yaddaşında əbədi yaşayacaq qələbə və birliyimizin rəmzidir.

Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button