AnalitikaGündəmSiyasət

Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır

Azərbaycanın tarixi qəhrəmanlıq səhifələri ilə doludur. 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Qələbə də xalqımızın yenilməz iradəsinin, igid oğullarımızın rəşadətinin bariz nümunəsidir. Müzəffər Ordumuzun sıralarında döyüşən gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, qəhrəmanlıq dastanı yazdılar. Onların göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq və Azərbaycan xalqı bu igid qəhrəmanlara daim minnətdar olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Bu tarixi Qələbədə gənc nəslin xüsusi rolu var. Azərbaycan gəncləri Vətən sevgisini, əyilməz ruhlarını döyüş meydanında sübut etdilər. Onlar düşmənin illərlə qurduğu müdafiə xətlərini yarıb keçərək, Şuşa kimi strateji əhəmiyyətli şəhəri əlbəyaxa döyüşlə azad etdilər. Bu, təkcə hərbi uğur deyil, həm də milli ruhun, xalqın birliyinin və gənclərin vətənpərvərliyinin göstəricisi idi.

Vətən müharibəsində iştirak edən hər bir gənc Azərbaycan xalqının fəxridir. Onlar bizim üçün sadəcə qəhrəman döyüşçülər deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və əzəmətimizin simvoludur. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu daim qəlbimizdə yaşayacaq, qazilərimiz isə böyük hörmət və ehtiramla yad ediləcək. Dövlətimiz də öz növbəsində müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir.

Azərbaycan gəncləri bu Qələbədən güc alaraq, ölkəmizin inkişafı və güclənməsi üçün var gücləri ilə çalışırlar. Onlar təkcə döyüş meydanında deyil, elm, texnologiya, mədəniyyət və idman sahələrində də mühüm uğurlar qazanaraq, Azərbaycanın adını dünyaya tanıdırlar. 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Vətən müharibəsi iştirakçıları başda olmaqla bütün Azərbaycan gənclərini təbrik edir, onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycan xalqı və dövləti hər zaman öz qəhrəman gənclərinin yanındadır və onların fədakarlığını yüksək qiymətləndirir.

Günel Nəsibova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button