AnalitikaGündəmSiyasət

Unudulmaz faciə

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın tarixinə qanla yazılmış bir faciə baş verdi – Xocalı soyqırımı. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş dəhşətli bir cinayət idi. Ermənistanın silahlı qüvvələri və rus ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdi, nəticədə mülki əhali – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi. Bu soyqırım, erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin ən qanlı səhifələrindən biri oldu.

Xarici jurnalistlər və şahidlərin ifadələrinə əsasən, Xocalıda insanlara qarşı törədilən vəhşiliklər bəşəriyyət tarixində misli görünməmiş qəddarlıq nümunələrindən biri idi. İngiltərənin Faynenşl Tayms qəzeti (9 mart 1992) yazırdı: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” Le Monde qəzeti (14 mart 1992) isə bildirirdi: “Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı faciəsini təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin tarixində qanlı bir cinayət kimi qiymətləndirmişdir. O, bu hadisənin xalqımıza qarşı törədilmiş amansız soyqırımı olduğunu vurğulayaraq bildirmişdir:

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür.”

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi və siyasi qiymət verildi. 1994-cü ildə Azərbaycan Milli Məclisi “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etdi. Onun rəhbərliyi ilə beynəlxalq səviyyədə bu faciənin tanıdılması üçün mühüm işlər görülməyə başlandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə Xocalı soyqırımının xalqımıza qarşı aparılan uzunmüddətli etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu vurğulamışdır. O, bu faciəni erməni millətçilərinin əsrlər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin qanlı səhifəsi kimi qiymətləndirir:

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.”

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün fəal iş aparır. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bir çox ölkələr bu hadisəni soyqırımı kimi tanıyıb və erməni terrorunun ifşa olunması üçün dünya ictimaiyyətinə məlumatlar çatdırılır.

Bundan əlavə, Prezident İlham Əliyev 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri Xocalı şəhidlərinin qisasının alınması kimi qiymətləndirmişdir. O, bəyan etmişdir ki, Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt unutmayacaq və bu cinayəti törədənlər gec-tez layiqli cəzalarını alacaqlar.

Azərbaycan ordusunun 2020-ci ildə apardığı Vətən müharibəsi nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad olundu. Bu, Xocalı şəhidlərinin ruhuna bir təsəlli olmaqla yanaşı, haqqın və ədalətin bərpası yolunda böyük bir addım oldu.

Bu gün Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində işlər davam etdirilir və Azərbaycan dövləti bu tarixi ədalətin bərpası üçün qətiyyətli addımlar atır.

Hər il 26 fevralda ölkəmizdə və dünyanın müxtəlif yerlərində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir. Bu faciə təkcə Azərbaycanın deyil, bütün insanlığın yaddaşında qalmalıdır ki, belə dəhşətlər bir daha təkrarlanmasın. Tarixi unutmaq gələcək faciələrə yol açır. Biz Xocalını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq!

Mehriban Hacıyeva,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button