“Bizim xalqımızın gələcəyi gənclərdir.” Bu cümlənin müəllifi Ulu Öndərimiz Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin gənclərimizin inkişafında rolu böyükdür. 2 Fevral-Gənclər Günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Bu tarix bir başlanğıc idi. Gənclərə olan dəstəyin başlanğıcı idi. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətini uğurla həyata keçirmişdir. O, gənclərin müxtəlif sahələrdə inkişafını təmin etmək üçün tədbirlər görmüşdür. Bu yolu cənab prezident İlham Əliyev uğurla davam etdirir. Xüsusilə idmana, təhsilimizə dəstəyi böyükdür.
Cənab prezidentin 2007-ci il 16 aprel tarxili Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərini xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. Minlərlə gənc bu proqram çərçivəsində dünyanın ən nüfuzlu universitetlərində təhsil almış və sonradan vətənə qayıdaraq öz işlərini layiqincə yerinə yetirmişdir.
Həmçinin idmana dəstək olaraq respublikamızda çoxlu Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. Bu səylərin nəticəsi olaraq gənc idmançılarımız üçrəngli bayrağımızı dəfələrlə zirvələrə qaldırmışlar. Bu da ölkəmizin nüfuzunu daha da yüksəltmişdir. Artıq demək olar ki, “Azərbaycan” adını eşitməyən bir ölkə qalmamışdır. Xüsusilə 2020-ci ildə gənc Azərbaycan oğullarının İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığından sonra bu ad bütün dünyada dillərə dastan olmuşdur.
Azərbaycan gəncinin həmişə bir amalı olmuşdur. İşlədiyimiz sahədən asılı olmayaraq xalqımıza, dövlətimizə fayda vermək , bayrağımızı yüksələrə qaldırmaq. Çünki biz bu millətin gələcəyiyik. Hər bir Azərbaycan gənci bunu dərk edir və bu yolda çalışır.
Gülnar Cəbiyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi