Analitika

Ümumili lider ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu

Hər bir dövlət üçün müstəqillik hər bir vətəndaş üçün isə azadlıq vacib faktordur. Qədim tarixə söykənən Azərbaycanımız canı bahasına olsa belə bu müstəqilliyi əldə etmişdir. Uzun və ağır yol keçərək qəhrəmanlıq salnaməsi yazmışdır. Bu yolda Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyən, və hər zaman əngəl törətməyə hazır olan xarici qüvvələr olmuşdur. Buna baxmayaraq heç bir qüvvə Azərbaycanın müstəqillik iradəsini sındıra bilməmişdir. Müstəqil dövlət hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində əvəz olunmaz işlər görmüşdür. Dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu.  Ulu öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı – cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Ulu Öndərin memarı olduğu güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bütün dünyaya sübut etdi.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button