
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Məmmədova Ürfanə,
Xəzər rayonu 183 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi