Analitika

Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın müasir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli liderimizin bütün ömrü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə üstünlük verirdi. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır. Ulu öndərimiz xilaskarlıq üçün doğulmuşdu, bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarmızı azad edərək xalq olaraq bizə Zəfər qazandırdı. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button