Analitika

Ulu öndər Heydər Əliyev öz xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu. Ümummilli Lider keçmiş hakimiyyətin yanlış siyasəti nəticəsində münasibətlərin gərgin olduğu region dövlətləri ilə, habelə dünya siyasətində həlledici rola malik böyük güclərlə əməkdaşlığın mümkün olmasını sübut etdi. Bütün bunlar da Azərbayanın siyasi  və iqtisadi potensialı yüksək olan bir dövlət kimi formalaşmasına, hətta dünyanın aparıcı dövlətləri ilə tərəfdaş qismində çıxış etməsinə imkan yaratdı. Azərbaycanın bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinin qarantı olan münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçiriməsində milli maraqların qətiyyətlə təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət Onun siyasi varisi İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button