Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasının banisidir
“1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər Heydər Əliyev ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş apardı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə çoxvektorlu xarici siyasətin mahiyyətinə uyğun olaraq Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətləri formalaşdırıldı, inkişaf etdirildi: “Ümummilli Lider Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeyinin qorunmasında, təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Ulu Öndər Heydər Əliyev çoxvektorlu, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu”.
“Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır: “Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaradıb”.