Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycan və Türkiyə arasındakı münasibət yeni bir mərhələyə qədəm qoymuş, ulu öndərin təşəbbüsü ilə ölkəmiz 1993-cü ildə TÜRKSOY-a qatılmışdır. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətlər kəskin şəkildə yüksəldi. Türkiyəli iş adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər, azərbaycanlı alimlərin, musiqiçilərin, həkimlərin Türkiyəyə sürətli axını başladı.
Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqindən (14 aprel 1996-cı il); “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır.
Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.
Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri təqdirəlayiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan “bir millət, iki dövlətdir”.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.
Mətanət Cəfərova,
YAP-ın fəalı