
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” informasiya agentliyinə verdiyi eksklüziv müsahibə iki ölkə arasında münasibətlərin strateji dərinliyini və gələcəyə yönəlmiş əməkdaşlıq perspektivlərini bir daha ortaya qoydu. Dövlət başçısının fikirləri həm ikitərəfli əlaqələrin, həm də Türk dünyası çərçivəsində ortaq fəaliyyətin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlər bu gün qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri üzərində möhkəm şəkildə qurulub. Tarixi köklər, ortaq türk kimliyi, oxşar mədəni və mənəvi dəyərlər bu münasibətlərin təbii təməlini təşkil edir.
Son illərdə iki dövlət başçısının – Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin – qarşılıqlı səfərləri siyasi dialoqun intensivliyini və əməkdaşlığın sistemli şəkildə genişləndirildiyini göstərir. Prezident İlham Əliyev son üç ildə Qazaxıstana yeddinci dəfə səfər etdiyini bildirərək, ölkədə müşahidə olunan dinamik inkişafı və islahatların uğurlu nəticələrini xüsusi vurğulayıb.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əlaqələr son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etmiş, 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm 547 milyon dollara çataraq üç dəfə artmışdır. Bu göstəricilər Orta Dəhlizin tranzit imkanlarından səmərəli istifadə, logistika sistemlərinin modernləşdirilməsi və biznes mühitinin əlverişli şəraiti ilə izah olunur. Eyni zamanda, qarşılıqlı investisiya əməkdaşlığı da güclənir – Azərbaycanın Qazaxıstana yatırımları 225 milyon dollara, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollara çatıb. Prezidentin sözlərinə görə, bu, “tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını” əks etdirir.
Nəqliyyat və logistika sahəsi iki ölkə arasında strateji əməkdaşlığın əsas sütunlarından biridir. Prezident İlham Əliyev qeyd edib ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olub. 2022-ci ildə Aktauda imzalanmış “2022–2027-ci illər üçün Orta Dəhlizin Yol Xəritəsi” üç ölkə – Azərbaycan, Qazaxıstan və Türkiyə – arasında nəqliyyat infrastrukturunun sinxron inkişafını, vahid tarif siyasətinin tətbiqini və logistika mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Aktau və Ələt limanlarının modernləşdirilməsi, Xəzərin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi, eləcə də SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti sahəsində əməkdaşlıq regional inteqrasiyanın konkret nəticələridir.
Prezident İlham Əliyev vurğulayıb ki, enerji sektorunda əməkdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyasını və bərpaolunan enerji mənbələrinin birgə inkişafını nəzərdə tutan sazişlər regionun “yaşıl keçid” prosesində mühüm mərhələdir. 2025-ci ilin martında Bakıda imzalanan sualtı fiber-optik kommunikasiya layihəsi isə rəqəmsal iqtisadiyyatda yeni körpülər yaradacaq.
Prezident İlham Əliyevin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı Azərbaycan-Qazaxıstan qardaşlığının möhkəmlənməsində aparıcı rola malikdir. 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş bu təşkilat Türk dünyasının həmrəyliyini və qlobal arenada nüfuzunu gücləndirən əsas platformaya çevrilib. 2024-cü ildə Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Görüşü və bundan əvvəl Şuşada təşkil olunan qeyri-rəsmi sammit Türk birliyinin siyasi və iqtisadi mərkəzə çevrilməsi istiqamətində mühüm addımlar kimi qiymətləndirilir. Bununla yanaşı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar mədəni və elmi inteqrasiyanı təmin edən mühüm mexanizmlərdir. Prezidentin təklifi ilə gələn il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi TDT çərçivəsində geniş şəkildə qeyd ediləcək.
Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni əlaqələr çoxəsrlik tarixi, ortaq dəyərlər və ədəbiyyat sahəsində sıx inteqrasiya ilə möhkəmlənir. Son illərdə təşkil olunan “Azərbaycan Mədəniyyəti Günləri” və “Qazaxıstan Mədəniyyəti Günləri” kimi tədbirlər xalqlar arasında mənəvi bağları daha da gücləndirir. Qazax yazıçısı Kemel Tokayevin “Gecə açılan atəş” əsərinin Azərbaycan dilində nəşri, eləcə də Mir Cəlal Paşayev və Kemel Tokayevin yubileylərinə həsr olunmuş beynəlxalq konfranslar bu əməkdaşlığın parlaq nümunələridir.
Prezident İlham Əliyev Xəzər dənizinin dayazlaşması və ekoloji tarazlığın pozulması məsələsinə xüsusi diqqət çəkərək qeyd edib ki, bu, təkcə regional deyil, qlobal ekoloji problemə çevrilir. Dövlət başçısı bütün Xəzəryanı ölkələri birgə fəaliyyətə, elmi məlumat mübadiləsinə və təbiətin mühafizəsi üzrə koordinasiyalı tədbirlərin həyata keçirilməsinə çağırıb.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, mədəniyyətə, iqtisadi maraqlara və gələcəyə yönəlmiş qardaşlıq modelidir.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi