
Dənizə çıxışın olmaması siyasi iradə, strateji investisiyalar və beynəlxalq tərəfdaşlıq olduqda maneə deyil, güclü inkişaf stimulu ola bilər.
Gundemws.az “Report”-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Dənizə Çıxışı Olmayan Ölkələr üzrə Üçüncü konfransında bildirib.
O vurğulayıb ki, Qazaxıstan tərəfdaşları ilə birlikdə regional əlaqələrin gücləndirilməsi üçün əhəmiyyətli səylər göstərir.
“Biz “Şimal-Cənub” marşrutu və Orta Dəhliz boyunca nəqliyyat dəhlizlərinin və tranzit infrastrukturunun inkişafına prioritet diqqət yetiririk. Bizim uzunmüddətli məqsədimiz dəmir yolu, avtomobil, aviasiya və logistika mərkəzlərinin vahid şəbəkəsini yaratmaqdır”, – K.Tokayev qeyd edib.
Onun sözlərinə görə, ölkə rəqəmsallaşmaya fəal şəkildə investisiya qoyur: “Qazaxıstan Astanada “Alem.AI” Süni İntellekt Mərkəzini yaradıb və yaxınlarda superkompüter istifadəyə verib. Qapılarımız elmi əməkdaşlıq üçün açıqdır və tərəfdaşları bizə qoşulmağa dəvət edirik”.
Prezident vurğulayıb ki, Mərkəzi Asiya ticarət, investisiya, nəqliyyat, rabitə, həmçinin davamlı resurs idarəetməsi sahəsində dinamik inkişaf potensialı olan qarşılıqlı faydalı əməkdaşlıq regionuna çevrilib.