AnalitikaGündəmSosial

Tibb elminin inkişafına və cəmiyyətin sağlamlığına xidmət edən ömür

Azərbaycanın görkəmli alimi, istedadlı oftalmoloqu, mərhəmətli həkimi və dəyərli ziyalısı Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

Onun bütün həyatı Azərbaycan tibb elminə, insan sağlamlığına, cəmiyyətin rifahına və gənc nəslin maarifləndirilməsinə həsr olunmuşdur. Bu gün fəxrlə deyə bilərik ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara, bir sözlə, hamıya pay çatırdı. Akademik Zərifə xanım Əliyevanın Tanrının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir.

Dünya şöhrətli Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin,  1 ixtira və 12 səmərələşdirici təklifin  müəllifi olan Zərifə xanım 1977-ci ildə tibb elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Bu gün Zərifə xanımın müəllifi olduğu elmi əsərlər, dərsliklər oftalmologiya elminin nadir qaynaq incilərindəndir. Bundan başqa Zərifə xanım Əliyeva çox sayda beynəlxalq mükafatlara və adlara layiq görülmüş və onun səmərəli fəaliyyəti dünyanın tanınmış oftalmoloqları tərəfindən yüksək qiymətləndirilmişdir.

Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır. Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu.

Aysel Ələkbərova,
Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin ingilis dili müəllimi

Oxşar Xəbərlər

Back to top button