
Azərbaycan ilə Çin arasında əməkdaşlıq son illərdə müxtəlif sahələr üzrə genişlənməkdədir. Xüsusilə Sədr Si Cinpinin irəli sürdüyü inkişaf, təhlükəsizlik və sivilizasiyalar dialoqu ilə bağlı təşəbbüslər Azərbaycanın beynəlxalq gündəmdə fəal iştirakını artırıb. Bakı bu təşəbbüslərə qatılmaqla həm regional sabitliyə töhfə verir, həm də qlobal miqyasda tərəfdaşlıq əlaqələrini gücləndirir.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan “Qlobal İnkişaf Təşəbbüsü”, “Qlobal Təhlükəsizlik Təşəbbüsü” və “Qlobal Sivilizasiyalar Dialoqu” kimi Çin tərəfindən irəli sürülmüş layihələrə açıq şəkildə dəstək verir. Bu təşəbbüslərin məqsədi daha ədalətli, inklüziv və sabit bir beynəlxalq nizam qurmaqdır. Azərbaycan da bu baxışa ortaq çıxış edir və öz təcrübəsi ilə töhfə verməyə hazır olduğunu nümayiş etdirir.
İki ölkə arasında bu dərəcədə dərin əlaqələrin formalaşmasında mərhum Prezident Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. Onun hakimiyyəti dövründə əsaslı təməli qoyulan Çin-Azərbaycan dostluğu, bu gün daha da möhkəmlənmiş şəkildə davam edir. Heydər Əliyev Çin ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına şəxsən öncüllük etmişdir.
Bu gün Prezident İlham Əliyev atasının başladığı siyasi xətti davam etdirərək Çin ilə münasibətləri strateji səviyyəyə yüksəldib. Bu tarixi irs üzərində qurulan əməkdaşlıq, ortaq dəyərlər və təşəbbüslər əsasında gələcəyə inamla irəliləyir.
Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının fəalı