Elm və Təhsil

Təhsilin idarə olunmasında süni intellektdən istifadə ediləcək

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan “Microsoft” şirkətinin rəsmiləri ilə görüşüb.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Microsoft” şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə baş direktoru Mark East və region üzrə təhsil rəhbəri Albena Spasova iştirak ediblər.

Görüş çərçivəsində Elm və Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında pandemiya və sonrakı dövrdə yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın daha sıx davam etdirilməsi üçün müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanları müzakirə olunub.

“Microsoft” şirkətinin nümayəndələri birgə fəaliyyətin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi ilə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Səfər çərçivəsində şirkətin nümayəndələri “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edib, STEAM Mərkəzinin fəaliyyəti ilə tanış olub və SABAH.Lab Akselerasiya Mərkəzində startapçılarla görüşlər keçiriblər.

Oxşar Xəbərlər

Back to top button