
Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixində səsləndirdiyi fikirlər Azərbaycan dövlətçiliyi baxımından mühüm bir mərhələnin rəmzi kimi dəyərləndirilir. Prezident seçkilərinin ölkənin bütün ərazilərində keçirilməsi müstəqillik tarixində ilk dəfə baş verməklə hüquqi və siyasi baxımdan yeni reallıq yaratdı. Bu fakt Azərbaycanın suverenliyinin tam bərqərar olunduğunu açıq şəkildə nümayiş etdirdi.
Xankəndidə səsvermədə iştirak Prezidentin verdiyi mesajın mahiyyətini daha da gücləndirdi. O, istənilən ərazidə səs verə biləcəyi halda, məhz Xankəndini seçməklə siyasi iradəni praktik addımla ifadə etdi. Bu seçim təsadüfi deyil, dövlət hakimiyyətinin ölkənin hər qarışında bərqərar olmasının simvolik təsdiqi idi.
Prezidentin qeyd etdiyi kimi, atılan bülleten adi seçki sənədi anlamı daşımırdı. Həmin səs uzun illər davam edən separatçılıq ideologiyasına vurulan qəti zərbə kimi tarixə düşdü. Bu akt hüquqi prosedurdan daha çox, siyasi və mənəvi məzmun daşıyan bir hadisə kimi qiymətləndirilə bilər.
Beləliklə, həmin seçki prosesi təkcə idarəetmə legitimliyini deyil, həm də milli birliyin və dövlət gücünün tam təmin olunduğunu göstərdi. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qaldı və ölkənin gələcək inkişaf xəttinə güclü mesaj verdi.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı



