Taksilərə nəzarət gücləndiriləcək – Layihə qəbul olundu
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq.
Gundemws.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə deyilir ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.
Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.
Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.