Şuşanın dirçəldilməsi geniş vüsət alıb
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlər bu gün də qulaqlarda əks-səda verir. Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan bu xoşbəxtliyini də ifadə etdi ki, ata vəsiyyətini yerinə yetirdim: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”
Azərbaycanın 2020-ci ildə torpaqlarının işğalına son qoyması, bunun ardınca özünün ərazi bütövlüyünü və bütün ərazisində tam suverenliyini bərpa etməsi son dörd ildə cərəyan edən hadisələrin ən önəmli kulminasiya nöqtələri kimi qeyd olunmalıdır. Dörd il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik həllini təmin etdi. Qeyd etmək lazımdır ki, 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin illərdə atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Şuşanın işğaldan azad edilməsi bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edib. Vətən müharibəsinin davam etdiyi dövrdə cənab Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələrin birində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və məhz bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan Azərbaycan hərbi əməliyyatları dayandırmayacaq. Azərbaycan heç zaman müharibə istəməyib və 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin bütün səyləri də məhz torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə yönəlmiş olub. Bu gün biz bir mənalı olaraq deyə bilərik ki, bu münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar əslində heç zaman işğal altında olan torpaqlarımızın geri qaytarılması barədə ciddi düşünməyiblər.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz əzəli torpaqlarına həmişəlik qayıdıb və bindan sonra müqəddəs bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq!
Turqay Qəribov,
Ramana bələdiyyəsinin sədri