AnalitikaGündəmSiyasət

Şuşa – Qələbənin, mədəniyyətin və milli qürurun rəmzi

Şuşa şəhəri Azərbaycan tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin beşiyi kimi 8 Noyabr Qələbəsində mühüm rol oynadı. Bu müqəddəs şəhərin azad olunması xalqımızın milli qürurunu bərpa etdi, mədəni irsimizə və incəsənətimizin ruhuna yenidən həyat verdi. Şuşa təkcə strateji baxımdan deyil, həm də mənəvi və tarixi dəyərinə görə xalqımız üçün əvəzsizdir. Onun hər daşı, hər küçəsi, hər nəfəsi keçmişimizin canlı yaddaşıdır, milli kimliyimizin ayrılmaz parçasıdır.

Şuşanın azadlığı hərbi baxımdan da misilsiz bir hadisə idi. Sıldırım qayalar və çətin dağlıq relyef şəraitində həyata keçirilən dəqiq planlaşdırılmış əməliyyatlar, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və xalqın sarsılmaz birliyi bu zəfəri mümkün etdi. Şuşanın azad olunması ilə Azərbaycan həm də regional arenada öz siyasi və hərbi gücünü bir daha sübut etdi, dünyaya mesaj verdi ki, bu xalq öz torpaqları uğrunda sonadək mübarizə aparmağa qadirdir.

Xarıbülbül yenidən doğma torpağında açdı. Bu çiçək təbiətin gözəlliyi ilə yanaşı, milli ruhun, azadlığın və qələbənin simvoluna çevrildi. Şuşada ucalan hər bir abidə, bərpa olunan hər bir bina xalqımızın sarsılmaz iradəsinin göstəricisidir. Bu gün şəhərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir – yollar, körpülər, məktəblər, musiqi və incəsənət ocaqları yenidən qurulur, Şuşa öz qədim şöhrətinə qovuşur.

Şuşanın azad olunması təkcə hərbi deyil, həm də mənəvi zəfər idi. Buraya qayıdan insanlar doğma ocaqlarını yenidən bərpa edir, mədəni və tarixi dəyərləri qoruyaraq gələcək nəsillərə ötürürlər. Şuşa bu gün Azərbaycanın ürəyi, milli ruhunun mərkəzidir. Qələbə hər bir vətəndaşın qəlbində vətənə sevgi, dövlətə sədaqət və qürur hissini daha da gücləndirdi.

Bu zəfər həm də diplomatik və strateji baxımdan əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Şuşanın azadlığı beynəlxalq miqyasda Azərbaycanın haqq səsinin tanınmasına, ölkəmizin regiondakı nüfuzunun möhkəmlənməsinə gətirib çıxardı. Bu şəhər bu gün azadlıq, qürur və milli həmrəyliyin rəmzinə çevrilib.

Şuşa azadlığı ilə gələcək nəsillərə böyük bir dərs verdi – vətənə sevgi, fədakarlıq və milli birlik dərsi. Bu şəhər gənclər üçün qəhrəmanlıq məktəbi, böyüklər üçün isə illərin həsrətini sevincə çevirən bir ocaqdır. Qələbə ruhu əbədi yaşayacaq, Şuşa isə bu ruhun ən parlaq simvolu olaraq tariximizin qızıl səhifəsində daima yer alacaq.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button