AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi Türk dünyasının birliyinə və inteqrasiyasına da təkan verdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında münasibətlərin inkişafına xidmət edən sənəd deyil, eyni zamanda regionda və beynəlxalq səviyyədə mühüm siyasi, hərbi və iqtisadi əhəmiyyətə malik bir sənəd kimi tarixə düşmüşdür. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması bu bəyannaməyə həm simvolik, həm də strateji məna qazandırdı.

Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti ilk növbədə bölgədə yeni geosiyasi düzənin formalaşmasında mühüm rol oynaması ilə bağlıdır. 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra regionda yaranmış yeni reallıqlar beynəlxalq münasibətlər sistemində maraq doğurdu. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda sülh və əməkdaşlıq üçün də yeni imkanlar yaratdı. Məhz bu kontekstdə imzalanan Şuşa Bəyannaməsi, Azərbaycanın əldə etdiyi uğurların davamlı və möhkəm əsaslara söykənəcəyinin siqnalını verdi.

Bəyannamədə əks olunan müttəfiqlik münasibətləri beynəlxalq hüquqa tam uyğundur və regional təhlükəsizlik arxitekturasında balanslaşdırıcı rol oynayır. Xüsusilə qeyd edilməlidir ki, sənəddə hərbi əməkdaşlıq və qarşılıqlı yardım prinsipləri öz əksini tapıb. Bu, Cənubi Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı, mümkün təhdidlərə qarşı qarşılıqlı dəstəyin təmin ediləcəyini bildirir. Bu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, regionun bütün dövlətləri üçün təhlükəsizlik baxımından vacibdir.

Beynəlxalq müstəvidə Şuşa Bəyannaməsi Türkiyənin Cənubi Qafqaz siyasətinin daha da aktivləşməsi demək idi. Türkiyə, artıq Qarabağ məsələsində konkret tərəf kimi çıxış edir və bu, bölgədəki güc balansına təsir göstərir. Digər tərəfdən, Azərbaycan da öz xarici siyasətində daha müstəqil və güclü mövqedə olduğunu sübut etdi. Bu sənəd, bölgədə digər güc mərkəzləri, xüsusilə də Rusiya və İran kimi dövlətlərin də Cənubi Qafqazla bağlı strategiyalarına yenidən baxmağa vadar etdi.Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti yalnız siyasi və hərbi sahələrlə məhdudlaşmır. İqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Zəngəzur dəhlizi layihəsinə dəstəyin ifadə olunması, Asiyanı Avropaya birləşdirən yeni ticarət yollarının formalaşmasına zəmin yaradır. Bu isə bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı, Şuşa Bəyannaməsi Türk dünyasının birliyinə və inteqrasiyasına da təkan verdi. Sənəd, Türk Dövlətləri Təşkilatı daxilində birləşmənin güclənməsinə, Azərbaycan-Türkiyə tandemi nümunəsində digər türk dövlətlərinin də bir-birinə daha yaxınlaşmasına səbəb oldu.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi  təkcə iki dövlətin dostluq sənədi deyil, həm də beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malik strateji sənəd kimi tarixə düşdü və gələcəkdə də regionun siyasi arxitekturasında əsas rol oynamağa davam edəcək. 

Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button