AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

“Şuşa Bəyannaməsi”  2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmışdır. Bəyannamə iki qardaş dövlətin ortaq maraqların qorunması üçün siyasət, iqtisadiyyat, müdafiə, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə potensiallarını birləşdirilməsini, 2 ölkə arasında əlaqələrin daha da gücləndirilməsini və dərinləşdirilməsi nəzərdə tutur. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Türkiyə və Azərbaycan arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.  Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi mövqeyi bu baxımdan diqqətə alınacaq.

Türkiyə və Azərbaycan arasında imzalanmış Bəyannaməni Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru adlandırsaq, yanılmarıq.  Tərəflər, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərdə həmrəy olacaq, BMT, ATƏT, Aİ, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İİT daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib”.Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri xüsusilə diqqətə alınmışdır. Tərəflərdən hər hansı birinin qənaətinə görə onun müstəqilliyinə, suverenliyinə, torpaq bütünlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü bir dövlət və ya dövlətlər tərəfindən təhdid və hücum reallaşdırıldığında, ortaq müşavirələr keçiriləcək və təhdidin önlənməsi məqsədiylə BMT nizamnaməsinə uyğun lazımi kömək göstəriləcək.

Bu hal böyük tarixi nailiyyətdir..İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənməsi Bəyannamənin tarixi əhəmiyyətini göstərən böyük faktordur.

Vüsalə Rəsulova,
Xəzər rayonu, 149 №li məktəbin direktor müavini,

Oxşar Xəbərlər

Back to top button