AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Türk dünyasının mədəniyyət paytaxtı Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsinə nəzər yetirdikdə görürük ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bir daha təsdiqlənir.

Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verə bilər. Dünyada gedən proseslər Azərbaycan və Türkiyənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zərurətə çevirdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Çox vaxt da ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar.

Bəyannaməyə əsasən Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində öz  əksini tapıb.

Şuşa Bəyannaməsində öz əksini tapan digər məsələlərdən biri də, Azərbaycanın qədim torpağı olan Zəngəzur məsələsidir.Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin  olunması əsas məsələlələrdəndir.

Kərimli Məlahət,
Xəzər rayonu, 123
nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button