
Bölgədə uzunmüddətli sabitlik yalnız sülh sazişinin imzalanması ilə mümkündür. Bu sənəd tərəflər arasında münasibətlərin hüquqi çərçivəyə salınmasını və gələcəkdə qarşıdurma risklərinin minimuma endirilməsini təmin edə bilər. Lakin bu günə qədər sazişin imzalanmaması, regional gərginliklərin təkrarlanma ehtimalını açıq saxlayır və siyasi qeyri-müəyyənliyi dərinləşdirir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh sazişi olmadan bölgədə əsl sabitlikdən danışmaq mümkün deyil. Azərbaycanın bu prosesə hazır olduğu və konkret təkliflər irəli sürdüyü halda, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi real nəticələrin əldə olunmasına mane olur. Sazişin imzalanmaması təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini də sual altında saxlayır.
Sülh sadəcə atəşkəs deyil – bu, yeni münasibətlər sisteminin, qarşılıqlı hörmətin və əməkdaşlığın başlanğıcıdır. Sazişin imzalanması həm region xalqları üçün təhlükəsiz gələcək, həm də qlobal maraqlar üçün sabit geosiyasi mühit deməkdir. Bu səbəbdən, prosesin uzanması yalnız tərəflərin deyil, bütün beynəlxalq ictimaiyyətin maraqlarına ziddir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı