Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intelektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə “İdeyanı Reallaşdır-2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində “Sosial və inkluziv” həyatda könüllülük və onun inkişafı adlı layihə çərçivəsində forum, sərgi və konsert keçirilib.
Gundemws.az xəbər verir ki, tədbir AR Gənclər Fondunun maliyyə dəstəyi, Biz Bir Ailəyik Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi,UNEC Tələbə Gənclər Təşkilati və Nizami rayon Yeni Azərbaycan Partiyasının tərəfdaşlığı ilə baş tutub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərinin təqdimatında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan forumda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda layihə rəhbəri Fatimə Məcidli, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə, 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova , müəssisənin əməkdaşı Gülşən Rəhimova və başqaları çıxış ediblər.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub, əlilliyi olan şəxslərin və gənclərin iştirakı ilə konsert proqramı keçirilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.