
8 dekabr 2025-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Səfər çərçivəsində dövlət başçısının mətbuata verdiyi bəyanat tərəflərin qarşılıqlı hörmət, regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inteqrasiyaya dair ortaq baxışını nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında Slovakiya ilə əlaqələrin son illərdə əldə etdiyi dinamikanı yüksək qiymətləndirərək, bu münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı – Azərbaycan çərçivəsində strateji əhəmiyyət daşıdığını vurğuladı.
Prezident giriş nitqində Slovakiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu bildirdi. O qeyd etdi ki, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan uzun illərdir mühüm rol oynayır və Slovakiya bu prosesin aktiv iştirakçılarından biri olmaqda maraqlıdır. İlham Əliyev xüsusilə Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyini, qaz təchizatının diversifikasiyası və yeni enerji layihələrinin gündəmdə olduğunu xatırlatdı. Onun sözlərinə görə, Azərbaycan enerji sahəsində yalnız təchizatçı deyil, eyni zamanda modern və dayanıqlı enerji əməkdaşlığı modelinin təşəbbüskarı kimi çıxış edir.
Prezidentin bəyanatında mühüm yer tutan məsələlərdən biri də yaşıl enerji potensialı oldu. O bildirdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində həyata keçirilən genişmiqyaslı bərpaolunan enerji layihələri təkcə Azərbaycan üçün deyil, regional enerji xəritəsi üçün də yeni imkanlar açır. Bu kontekstdə Slovakiya şirkətlərinin layihələrdə iştirak imkanları xüsusi qeyd olundu. Prezident vurğuladı ki, Avropa ölkələri ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın uzunmüddətli strateji hədəfləri sırasındadır.Bəyanatın digər vacib məqamı iqtisadi-ticarət münasibətləri idi. Dövlət başçısı Azərbaycan-Slovakiya iqtisadi əlaqələrinin mövcud səviyyəsinin daha da genişləndirilməsinin vaxtının çatdığını qeyd etdi. O, sənaye, nəqliyyat, logistika, rəqəmsal transformasiya və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğunu bildirdi. Prezident həmçinin Azərbaycanda yaradılan işgüzar mühitin xarici investorlar üçün əlverişli olduğunu, Slovakiya şirkətlərinin bu imkanlardan istifadə edə biləcəyini vurğuladı.İlham Əliyevin mətbuata açıqlamasında siyasi dialoq və regional təhlükəsizlik məsələləri də öz əksini tapdı.
Prezident Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və dayanıqlı inkişafın tərəfdarı olduğunu, regionda yaranmış yeni reallığın əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd etdi. O, Slovakiya ilə bu istiqamətdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dialoqun davam etdirilməsinin önəmli olduğunu söylədi.Prezidentin bəyanatı Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişafına dair aydın perspektiv ortaya qoydu. Səfər zamanı imzalanan sənədlər və aparılan danışıqlar göstərdi ki, tərəflər həm enerji, həm iqtisadiyyat, həm də humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyətindədirlər. İlham Əliyevin mətbuata verdiyi açıqlama ölkələr arasında strateji tərəfdaşlıq ruhunu gücləndirən siyasi mesaj kimi dəyərləndirilir.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



