Seçkilər bir dövrə yekun vurdu
Türk toplumlarında qədimdən dövlət başçısının and içməsi çox müqəddəs sakral hadisə kimi qəbul edilmiş və ona böyük önəm verilmişdir. Xalq arasında bu mərasim başçının hamının qarşısında “kişi sözü verməsi” kimi qiymətləndirilmişdir. Çoxsaylı araşdırmalarda vurğulanır ki, türk toplumlarında, o cümlədən Azərbaycanda seçilmiş dövlət başçısının andiçmə mərasimi xüsusi mənası olan rituallarla keçirilmişdir. Məsələn, seçilmiş Bəyi ətrafında olan digər bəylər əlləri üstünə qaldırmış və bir sıra suallar vermişlər. Həmin suallar sırasında başçının hansı müddətə bu vəzifədə qalması ilə bağlı olardı. Aldıqları cavabdan asılı olmayaraq, türk toplumu və onun bəyləri başçının konkret əməllərinə baxardılar. Əgər başçı uğurludursa və toplumun rifahını və təhlükəsizliyini təmin edirdisə, uzun müddət vəzifəsində qalırdı. Bu ənənə müxtəlif formalarda əsrlərlə türk xalqlarında öz yerini qorudu.
Burada əsas siyasi məqamlar ondan ibarətdir ki, birincisi, dövlətə seçilən başçının fəliyyəti xalqın ədaləti, rifahı və təhlükəsizliyinə göstərdiyi ximətlə qiymətləndirilirdi, ikincisi, dövlət rəhbərini əhatə edən toplumun xüsusi nümayəndələri ona ciddi dəstək verirdilər, üçüncüsü, başçı daim xalq (toplum) qarşısında məsuliyyətini hiss edirdi. Bütün bunların yekun rəmzi kimi bəylər andiçmə mərasimində başçını qolları üstünə qaldıranda onun boynuna xüsusi rəngdə şərf dolayardılar ki, bu da vəzifənin müqəddəsliyinin və yüksək məsuliyyətin rəmzi olsun!
İndi bütün bu proseslərin dərin məntiqi və mənası saxlanmışdır. Lakin proses çox müasirləşmişdir. Prezidentin Qurani-Kərimə əl basması və Bayraq qarşısında diz çöküb onu öpməsi bütün mənaları, sakral mesajları və siyasi anlamları özündə ehtiva edir. Azərbaycan Prezidenti yalnız Quranın altından keçir və yalnız Bayraq qarşısında diz çökür! Dünyada başqa heç bir qüvvə Azərbaycan rəhbərini diz çökməyə məcbur edə bilməz!
Xüsusilə, Ulu Öndərdən sonra İlham Əliyev Prezident kimi qədim Azərbaycan dövlətçiliyinin bu prinsiplərini tam olaraq gözləyir! İndi cənab Prezidentin and içməsi bütün xalqa qürurla yanaşı, ümid, inam və çalışqanlıq ruhu verir! Hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin Prezident kimi and içməsinə həyatın çox ciddi bir hadisəsi kimi baxır! Bu Andiçmə həm şərəf verir, həm də məsuliyyət hissimizi qat-qat artırır!
Bunun səbəblərindən biri də müstəqil və müasir Azərbaycan siyasi tarixində ilk dəfə olaraq dövlət başçısının ərazi bütövlüyünün tam bərpası və suverenliyin tam təmin edilməsi şəraitində and içməsidir. Bu reallığın rəmzi İlham Əliyevin eyni dərəcədə dövlət başçısı, Lider və Ali Baş Komandan olaraq əlini müqəddəs Qurani-Kərimə basması və Bayrağı ürəkdən ölçməsidir. Bayrağı İlham Əliyev Qarabağın hər azad edilmiş yerində gözünün üstünə qoymuşdur. İndi həmin hadisələrin Azərbaycan miqyasında təkrarı baş verir! Prezident and içir, vəd verir və aktiv fəaliyyətə səsləyir! Bayraq Prezident İlham Əliyevdədir! Xalq Bayraq kimdədirsə, ona dəstək verir! Bu da qədim türklərdən gələn dyişməz bir ənənədir!
Bütün bunlara görə, “Breaking News Network Worldwide” adlı beynəlxalq internet nəşrinin Prezident İlham Əliyevin qalib gəlməsini “xalq üçün qələbə” adlandırması çox səmimi və doğrudur! Nəşr bunu həm də yüksək seçici fəallığı ilə əlaqələndirməkdə haqlıdır. İndi Andiçmə mərasimi fonunda “xalq üçün qələbə” ifadəsinin anlamlarına baxaq. Bu məqam andiçmə mərasiminin bütün anlamlarının təmələində dayanır. Çünki Prezident İlham Əliyevin bütün uğurları konkret quruculuq prosesi ilə bağlıdır. Bu mənada andiçmənin hər bir incə məna çaları Prezidentin yeni tarixi mərhələdə hər an həyata keçirəcəyi quruculuq faktlarında öz rəmzi ifadəsini və duyğusal-mənəvi coşqusunu tapacaqdır. Artıq biz “müstəqil dövlət quruculuğunun İlham Əliyev təcrübəsi” fikrini qətiyyətlə deyə və onu müxtəlif aspektlərdə təhlil edə bilərik!
Bu quruculuq möhtəşəm nəticələrlə reallaşacaqdır. İlham Əliyevin seçki platformasında ifadə etdiyi strateji xarakterli vəzifələrin işığında bunu aydın görə bilərik. Orada müasir güclü dövlət və güclü cəmiyyətin qurulması üçün bütün müddəalar yer almışdır! Həmin müddəalar yaxın perspektivdə Azərbaycan dövlətçiliyini çox böyük uğurlar və nailiyyətlər gözlədiyini ifadə edirlər. Bu prosesdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə də böyük məsuliyyət düşür. Prezidentə öz fəallığımızla, dövlətçi əməllərlə, milli təfəkkürlə bəşəri mədəni dəyərlərin harmoniyasına nail olmaqla, yüksək təhsilli, dilinə, dininə və mədəniyyətinə yüksək sayğısı olan insan kimi dəstək verməliyik. Quruculuq kollektiv işdir. Lider onun memarı, müəyyənedicisi, strateji təşkiledicisi və bütün mənalarda aparıcısıdır. Prezidentimiz xalqımızın indiki etimadının cavabında yenidən And İçdi! Yaşa və yarat cənab Prezident! Yaşa və yarat ki, Azərbaycanın müstəqil güclü dövlətçiliyi daim yüksək zirvələrdə olsun!
Əyyub Əliyev
YAP-ın fəalı