AnalitikaGündəmİdman

Sağlam gənclik güclü gələcəyin təminatçısıdır

Güclü dövlətin gələcəyi sağlam, iradəli, müasir düşüncələri gənclərin inamlı addımlarına bağlıdır. Azərbaycan Respublikasında idman  dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdəki diqqət, qayğı əməli olaraq öz sözünü deməkdədir. Dövlət başçısı İlham Əliyev müxtəlif idman növlərinin inkişaf etdirilməsinin vacib əhəmiyyətini vurğulayaraq bu məsələlərin dövlətimizin tanıdılmasındakı roluna diqqət çəkmişdir. Uzun illərdi ki, uğurla davam etdirilən idman siyasəti 2024-cü il  üçün də əlamətdar hadisələr ilə yaddan qalan olmuşdur. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir. Beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi. Burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir.  Bu dəfə ən yüksək yerə layiq görülmüşdü. Komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir.

Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Növbəti  illərdə  də idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıq, birmənalıdır. Uzun illər ərzində  bu xəttə sadiq qalmışıq.

Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər, qalib ölkə kimi iştirak edirdi. İdmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir.  Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır. Vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci simasında var olmalıdır. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.

Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi.  Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq.  Çünki bütün lazımi qərarlara əsasən bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb.   Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur. müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində idmana xüsusi qayğı göstəriləcəkdir. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını, İslam Həmrəyli Oyunları keçirmişdik.

Azad edilmiş  ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi – bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək. Bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur, bütün bu işləri biz ardıcıllıqla edəcəyik.

Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib, əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilərək oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində  bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq.Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün  şərait yaradılmalıdır. Bu istiqamətdə müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu şəhər nəqliyyatı yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcəkdir. Bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcəkdir. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.

Hər yerdə ədalət olmalıdır – beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə.  Bu bizim əsas şüarımızdır. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik. Əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişi kimi onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir- bu bizim böyük sərvətimizdir.

Ağabəyova Mənzər,
Xəzər rayonu,156 nömrəli
tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button