DünyaGündəm

Rusiyada polislərə bu səlahiyyət verildi

Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.

Gundemws.az xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.

Bundan əvvəl qanunsuz miqrantların ölkədən çıxarılması barədə qərarı yalnız məhkəmələr verə bilirdi.

Bununla yanaşı, bu gündən başlayaraq sərhəd nəzarətindən keçərkən Rusiyaya giriş və ya çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmə tədbirləri tətbiq ediləcək.

Belə ki, bu qaydanın pozulmasına görə adi vətəndaşlar 2000 – 5000 rubl, vəzifəli şəxslər 30 000 – 50 000 rubl, hüquqi şəxslər isə 400 000 – 800 000 rubl arasında cərimə ediləcəklər.

Eyni zamanda, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minir. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur.

Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar, əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər.

Xatırladaq ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə, məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.

Oxşar Xəbərlər

Back to top button